Paytaxtın Səbail rayonunda Badamdardan 20-ci sahəyə gedən yol bir neçə gün öncə istifadəyə verilib. Lakin ötən gün yolu yenə bağlayıblar. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Sürücülər məcbur olub buraya qədər gəlib yenidən geri qayıtmalı olurlar. Sürücülərin sözlərinə görə, ön hissədə hər hansı bir nişan olmadığına görə bu cür problemlə qarşılaşırlar.

Uzun müddətdir yolun bağlı qalmasından yolda qalan həm də 53 saylı marşrut xəttinin avtobusu olub.

FHN-in mətbuat xidmətinin baş məsləhətçisi Pərviz Aslanov qeyd edib ki, yolun yenidən bağlanmasına səbəb orada həyata keçirilən işlərin tam yekunlaşmamasıdır: “Yamacın dayanıqlılığı təmin olunub, torpaq uçqunu təmizlənərək yolun həmin hissəsində asfalt örtüyü dəyişdirilib. Yol artıq istismara hazır vəziyyətdədir və FHN tərəfindən müvafiq qurumlara bu barədə rəsmi müraciət ünvanlanıb”.

Yaxın günlərdə yolun yenidən sürücülərin istifadəsinə verilməsi nəzərdə tutulur.

2018-ci ildə Badamdar yamacında baş verən sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşların rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilirdi. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən təmamilə bağlanmışdı.