Bakıda polisin inzibati binasında qeydiyyatda olan vətəndaşlar sistemdən çıxarılır. Bununla da həmin şəxslərin şəxsiyyət vəziqələri keçərsiz hesab edilir. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan və illərdir bu rayonun polis şöbəsində qeydiyyatda olan sakinlər eyni vəziyyətlə üzləşiblər. Evləri sənədsiz olduğuna görə faktiki yaşadığları ünvana qeydiyyata düşə bilmirlər.

DİN-in rəsmisi Nurlan Əliyev məsələyə belə aydınlıq gətirib: “2000-ci illərdə bəzi vətəndaşların yaşadığı evlərin müvafiq sənədləri yox idi. Bir sıra problemlərlə bağlı bu evlərdə sənədlər yox idi. Ona görə də polisə aid olan inzibati binaya qeydiyyata düşürdülər. Hazırda əgər olduğu yerdə müvafiq sənədi yoxdursa, bununla bağlı aidiyyəti qurumlara müraciət edə bilərlər. Hələ ki, ümumiyyətlə, bununla bağlı tənzimlənmə işləri aparılır. Vətəndaşlar bu barədə birmənalı olaraq aidiyyəti dövlət qurumuna müraciət etməlidirlər”.

Nurlan Əliyev rayondan Bakıya müvəqqəti yaşamaq üçün gələn vətəndaşlar barədə açıqlama verib: “Əgər şəxs qeydiyyatda olduğu yeri 60 gündən artıq müddətə tərk edirsə, təbii ki, bu barədə polisə məlumat verilməlidir”.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun müvafiq maddəsinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddət yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacaq ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə isə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə inzibati xətalar məsəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

polisin inzibati binasında qeydiyyatda olan vətəndaşlar sistemdən çıxarılır
Foto Baku Tv-nin rəsmi Youtube kanalı