Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin 20 Yanvar küçəsində 2 il əvvəl su borusu partlayıb və sızma baş verib. Təmir işlərindən sonra isə yolda 2 metr enində dərin çuxur yaranıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Sakinlər iddia edirlər ki, həm bu su sızması nəticəsində evlərin zirzəmilərinə su sızır, həm də asfalt örtüyünə zərər dəyir. Həmçinin gecə vaxtı dərsdən, hazırlıqdan gələn uşaqlar su quyusuna düşürlər.

“Azərsu” ASC və Binəqədi Sukanal İdarəsi isə təmiri yalnız taxta çiv və rezin təkərlərlə həyata keçirib.

Sakinlər təmirə ehtiyacı olsa da, aidiyyəti qurumların gözündən kənarda qalan borunun partlaması nəticəsində meydana gələn çuxurun təhlükələrindən danışıblar.

Azərsu “Bir damcı su” adlı çarx çəkərək suya qənaəti təbliğ etsə də, burada hər gün 100 litrlərlə su boş-boşuna axıb zay olur.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib ki, Sulutəpə qəsəbəsindən hər gün 955 zəng mərkəzinə, Binəqədi Sukanal İdarəsinə çoxsaylı müraciətlər daxil olur. Lakin həmin ərazidə mərkəzləşdirilmiş şəbəkə qurulmayıb. İnsanlar neft yatağı ərazisində ev tikdikcə fərdi qaydada evlərə su xətləri çəkiblər. Bu gün həmin xətlərin bir çoxu artıq istismar müddətini başa vurub. Tez-tez qəzalar, axıntılar baş verir.

“Bizim master-plana əsasən, Sulutəpə qəsəbəsinin mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması planlaşdırılır. Və master-planın icrası çərçivəsində artıq qəsəbənin bir neçə əsas küçəsində magistral xətlərinin yenilənməsi işləri davam etdirilir. Növbəti mərhələdə digər ərazilərdə də mərkəzi magistral və paylayıcı şəbəkə su xətlərinin yenilənməsi planlaşdırılır. Və bu işlər həyata keçirildikdən sonra buradakı su qəzalarının, su axıntılarının qarşısı birdəfəlik alınacaq”, – deyə qurum rəsmisi bildirib.