Yanvarın 23-də Abbas Səhhət küçəsində park olunmuş avtomobilə maddi ziyan vuran “Toyota Prius” markalı avtomobilin sürücüsü saxlanılıb. Bu haqda 27 yanvar tarixində Oxu.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəsmisi Araz Əsgərliyə istinadən məlumat verib.

Onun sözlərinə görə, Nəsimi rayon DYPİ əməkdaşları digər avtomobilə maddi ziyan vuran sürücünün şəxsiyyətini müəyyənləşdirə biliblər. Sürücü Nicat Sadıqov hadisəni törədən zaman nəqliyyat vasitəsini narkotik vasitənin, psixotrop və digər güclü maddələrin təsiri altında, eləcə də sərxoş halda idarə edib. O, “Hyundai Sonata” markalı 99-XR-434 dövlət nömrə nişanlı avtomobili 4 dəfə vuraraq hadisə yerindən yayınıb.

Onun sürücülük vəsiqəsinin 15 cərimə balı olduğu da aşkar edilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sadıqovun nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb, o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.