Azərbaycanın Tehrandakı səfirliyinə xain hücum zamanı şəhidlik zirvəsinə ucalan baş leytenant Orxan Əsgərovun nəşi hələ ki Bakıya gətirilməyib. Bu haqda bu gün, 28 yanvar tarixində Oxu.az mərhumun bibisi İlhamə Əsgərovaya istinadən məlumat verib.

“Orxanın cənazəsini gözləyirik. Bütün gecəni gözləmişik. Hələ gətirilməyib. Bizə verilən məlumata görə, Orxanın cənazəsinin göndərilməsi İran tərəfindən asılıdır. Belə bilirəm, cənazə axşam reysi ilə göndəriləcək. Çox güman ki, dəfn də sabah olacaq”.

İranda həlak olmuş səfirlik əməkdaşının həyat yoldaşı Aynurun sağlamlıq vəziyyətinin qeyri-stabil olduğu da bildirilib. Ona bir neçə dəfə təcili tibbi yardım çağırılıb.

Yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub. Əsgərov II Fəxri xiyabanda dəfn olunacaq.