1870-ci illərin əvvəlində çoxsaylı neftayırma zavodları şəhərin böyük hissəsini tuturdu. His və tüstü buraxan zavod boruları əhali üçün narahatlıq yaradırdı. Əhalinin narazılığı quberniya hakimiyyətini 147 neft zavodunun şəhərdən kənara köçürülməsi haqqında qərar verməyə məcbur etdi. Beləliklə, 1876-cı ildə qismən Keşlə kəndi ərazisində və yerli sakinlərin bağ-bostan sahələrində öz adını qaralmış zavod binalarından alan Qara şəhər yarandı.
1880-ci ilə qədər yeni rayonda artıq 118 sənaye müəssisəsi var idi. Burada neft müəssisələri, emalatxanalar, fəhlələr üçün evlər yerləşirdi. Neft işçilərinin əksəriyyəti həmin ərazidə yaşayırdı. Neft hasilatı və neft emalı qadağan edilən Bakının mərkəzində isə zəngin əhali yaşayırdı. [Ш.Фатуллаев. Градостроительство Баку XIX — начала XX веков. Баку-2013]
1890-cı ildə Qara Şəhərə səfər edən türk səyahətçi buranı belə təsvir edirdi: “Hər şey qaradır; divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludları arasında gəzirsən”.
Layihə sərhədləri daxilində Qara şəhərin ərazisi tükəndikdən sonra neft sahibləri istismar üçün əlverişli olan yeni torpaqlar axtarmağa başladılar. Tezliklə Keşlə kəndinin sakinlərinin torpaqlarında başqa bir sənaye şəhərciyi – şərqdən Qara şəhərin davamına çevrilən Ağ Şəhər yarandı. Ağ Şəhərdə Qara Şəhərdən fərqli olaraq, daha müasir və təkmil neft emalı zavodları yerləşirdi və ciddi çirklənmə yox idi. [Henry, James Dodds. Baku: an eventful history.-1905]
İkinci Dünya müharibəsi illərində, xüsusilə 1942-ci ilin ortalarında, Qafqaz uğrunda gedən döyüşlər zamanı Qara şəhərin zavodları cəbhənin əsas yanacaq təchizatı mənbəyinə çevrilir.
Müharibədən sonra burada yeni sənaye müəssisələri, idman və mədəniyyət mərkəzləri açılır.
[https://www.youtube.com/watch?v=yB4F6We-qLM]
2007-ci ildə Qara və Ağ Şəhərlərin ərazilərinin bərpa və inkişafı məqsədilə “Bakı Ağ Şəhər” layihəsi hazırlanmışdır. Layihə çərçivəsində sənaye obyektlərinin ərazidən kənara çıxarılması, yaranmış tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi, yeni yaşayış kvartalının salınması həyata keçirilir. Bu, Azərbaycanda həyata keçirilən ən iri şəhərsalma layihələrindən biridir. [https://www.bakuwhitecity.com/]
https://azkataloq.org/photo/499/qara-seherde-baki-neft-muessiseleri-1920-ci-iller