Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yeniyetmə oğlan bıçaqlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Naməlum şəxs öncə 17 yaşlı oğlanla əlaqə saxlayaraq onunla paralel sinifdə oxuyan qızın bacısı haqda məlumat almaq istəyib, ancaq rədd cavabı alıb. Daha sonra həmin şəxs yenidən əlaqə saxlayaraq yeniyetməni 316 nömrəli məktəbin yanına görüşə çağırıb.
Onlar aralarında söhbət edən zaman daha 2 nəfər yaxınlaşıb və mübahisə yaranıb. Yeniyetmə qaçmaq istəyən zaman üzündən bıçaq zərbələri alıb. Yerə yıxılan yeniyetməni döyəndən sonra təqsirkarlar hadisə yerindən qaçıblar.
Zərərçəkən isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun jurnalist oğlu olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildiriblər ki, hadisə zamanı onların yanında olan 2 nəfər müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.