Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti yaxınlığında işıqfor yoxdur. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az xəbər verir.

Söhbət Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsindən gedir. Burada həftədə 2-3 dəfə qəza hadisələri baş verir.

“Sonuncu dəfə yanvarın 28-də burada iki avtoqəza baş verib. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”, – deyə sakinlər söyləyib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün DYP-yə təqdim ediləcək. Həmçinin ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsi zəruri olan yol nişanları ilə də təmin olunacaq”.