Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda bu gün, 9 fevral tarixində Report məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda Əhəd Əliyevə hökm oxunub və o, ömürlük azadlıqdan məhrum edilib.

Hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində ötən il fevralın 20-də baş verib. Sabirabad rayon sakinləri – 39 yaşlı Gülnar Qaraxanova, onun övladları – 14 yaşlı Lamiyə Qaraxanlı və 11 yaşlı Ataxan Qaraxanlı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə qətlə yetirilmişdirlər.

Gülnar Qaraxanovanın əri TIR sürücüsüdür. Onun bacısının əri, 41 yaşlı Əhəd Əliyev baldızının ərinin ölkə xaricində olmasından istifadə edərək pul oğurlamaq məqsədilə cinayət törədib. Onun 23.000 manat borcu olub. Çıxış yolu kimi Əliyev qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20.000 manat ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.