Bakıda keçiriləcək “Formula 1” yarışlarına biletlər sürətlə azalır. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.

Azadlıq meydanı tərəfdə yerləşən və yarışın ən böyük tribunası sayılan “Abşeron B” tribunasına olan biletlərin hamısı satılıb.

BŞH-nin Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyevin sözlərinə görə, bu il Azərbaycan Qran-prisinə maraq daha çoxdur.

“Hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı, ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var”, – deyə o əlavə edib.

Bakıdakı yarışa baxmaq üçün dünyanın 100-ə yaxın ölkəsindən biletlər alınır. İlk 3-lükdə Böyük Britaniya, Azərbaycan və Niderland yer alır. Yarış 28-30 aprel tarixlərində keçiriləcək.