Abşeronun qədim abidələrindən biri “daş yollar” hesab olunur. Bu abidə, həmçinin “araba yolları” kimi də tanınır və kanalşəkilli izlərə bənzəyir. Abşeronun “daş yollar”ı hazırda Türkan, Hövsan, Nardaran, Dübəndi, Qala, Suraxanı və s. qəsəbələrin ətrafında, yarımadanın məskunlaşma olmayan bir çox yerlərində qalmaqdadır.
XX əsrin əvvəllərindən bu abidələrə maraq daha da artmışdır. Bu, onunla bağlı idi ki, belə “yollar”ın dünyanın başqa yerlərində – Aralıq dənizi hövzəsində, Cənubi Avropada (Malta, Yunanıstan, İtaliya, Fransa) və s. yerlərdə də mövcudluğu, onların Abşeronun “daş yollar”ına bənzərliyi barədə məlumatlar yayılmışdı. Aralıq dənizi bölgəsində onları tədqiq edən alimlər bu abidələri e.ə. V minilliyə aid edirdilər. [https://www.window2baku.com/Ancient/cartruts.htm]
“Daş yollar” barədə məlumata hələ XIX əsrə aid tarixi mənbələrdə rast gəlinir. Abidə ilk dəfə 1830-cu ildə Bakıda olan akademik E.Lens tərəfindən təsvir olunmuşdur. O, Böyük Zirə (Nargin) adasının daşlıq ərazisində dənizə doğru gedən, ikitəkərli arabaların zamanla silinmiş izlərini təsvir etmişdir. Bu yol ada boyu Şıxov kəndinə, Bakı buxtasının cənub sahilinə qədər uzanırdı. Daha sonra daş yollar haqqında məlumata tarixçi A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində rast gəlinir. Tarixçi yazırdı: “Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, o cümlədən bəzi adalarda qayalar üstündə dənizə doğru gedən təkər izləri görünür. Sahil istiqamətində uzanan bu yolların sonluğu dəniz sularının altında qalır ki, bu da öz növbəsində zamanla dənizin səviyyəsinin qalxdığını göstərir”. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000] [Ленц Э.Х. Об изменениях высоты, которые претерпела поверхность Каспийского моря до апреля 1830 года// Воспоминания Императорской Академии наук Санкт-Петербурга. сер. 6. – 1832. – С. 67 – 102]
Bu yolların nə olduğu elm adamları arasında müzakirələrə səbəb olmuşdur və onlar müxtəlif fikirlər irəli sürmüşlər. Tarixçi alim Sara Aşurbəyli öz kitabında bu izlərin, həqiqətən, ikitəkərli araba yolları olduğunu iddia edir. Onun fikrincə, bu abidə Abşeron ərazisinin bir hissəsinin su altında qaldığını təsdiqləyir. [Ашурбейли С.Б. История города Баку: период средневековья. Баку-1992]
Abşeronda “daş yollar”ın aşkar edildiyi yerlər tunc dövrü və neolit dövrü abidələri – qəbirlər, kurqanlar və qədim yaşayış məskənləri ilə tanınır. Bu səbəbdən bəzi tədqiqatçılar yolların qədim ibadət yerlərini bir-biri ilə birləşdirdiyini və ritual xarakter daşıdığını iddia edirlər. Başqa alimlərin fikrincə, bu “yollar” su üçün kanal kimi xidmət edib. Digər iddialara görə isə bu izlər karxanalarda istehsal olunan iri daşların yol boyu yayılması nəticəsində əmələ gəlib. [https://azerhistory.com/?p=38867]