Nizami rayonu Babək prospektinin yaxınlığında olan Nizami Abdullayev küçəsində yaşayan sakinlərin şikayəti var. Məhəllənin yolunu avtomobil təmir sexinə gələn nəqliyyat vasitələri, demək olar ki, kəsir. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Sakinlər deyirlər ki, küçədə parklanan avtomobillərə görə buradan istifadə etmək mümkün deyil. Avtoservisin işçiləri isə bildirirlər ki, küçədə saxlanılan avtomobillərin hamısı onlara aid deyil: “Dayanan avtomobillərin hamısı bizə məxsus deyil. Başqa yerə gedənlər də gəlib burada saxlayıb gedirlər.”
Məsələ ilə bağlı Nizami RİH-dən bildirildi ki, məsələdən xəbərdardırlar. Yaranan narahatlığın aradan qaldırılması üçün aidiyyəti qurumlara və hüquq mühafizə orqanlarına məktubla müraciət olunub. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) də obyekt sahiblərinə xəbərdarlıq edib.
BŞDYPİ-nin Baş inspektoru Araz Əsgərli məsələ ilə bağlı açıqlama verib: “Babək prospektində yerləşən obyektlərin sahiblərinə müxtəlif növ xidmətləri göstərərkən məsuliyyət nümayiş etdirməyi, bu növ xidmətləri nəzərdə tutulmuş ərazilərdə icra etməyi, ətrafdaki insanların ciddi şəkildə narazılığına səbəb olan hərəkətlərdən çəkinməyi xahiş edirik.”
Qurumun rəsmisi bildirdi ki, obyektlərin qarşısında avtomobillərini saxlamaqla yolda hərəkəti çətinləşdirən sürücülər cərimələnəcək.
