Bakı Kommersiya Məktəbi Bakıda, indiki Ü.Hacıbəyov, 68 ünvanında yerləşən binada fəaliyyət göstərib. Bina 1913-cü ildə memar Q.Ter-Mikelovun layihəsi əsasında inşa edilib.

1899-cu ildə rus sahibkarı Kovalevski Bakıya səfər edir və burada sahibkarlara şəhərdə kommersiya məktəbinin yaradılması ideyasını irəli sürür. Musa Nağıyev, Şəmsi Əsədullayev və Zeynalabdin Tağıyev bu ideyanı dəstəkləyirlər və vəsait ayırırlar.

1901-ci ildə səkkizillik təhsil kursu olan Bakı Kommersiya Məktəbinin təntənəli açılışı baş tutdu. Məktəbin məqsədi şagirdlərə ümumi və kommersiya təhsili vermək idi. İlk məktəb Suraxanı və Stanislavski küçələrinin (sonralar Dilarə Əliyeva və Azadlıq) kəsişməsində yerləşirdi.

BKM-də təhsil Çar Rusiyasının kommersiya məktəbləri üçün müəyyən edilmiş proqramlar əsasında həyata keçirilirdi. Bundan əlavə, BKM tələbələrin bədən tərbiyəsinə, onların gigiyenasına, düzgün qidalanmasına və digər məsələlərinə diqqət yetirirdi. [Баку. Коммерческое Училище — OurBaku]

1902-ci ilin Kaspi qəzeti yazırdı: “Şəhərimizdə mədəniyyətin ümumi inkişafı nəzərdə tutulur. Bu baxımdan 1901-ci il Bakının tarixinin ən parlaq səhifələrindən biri olacaq… Ticarət məktəbinin açılışı…şübhəsiz ki, şəhərimizin maarifçilik tarixində bir dövr təşkil etməlidir… Cəmiyyətimizin maariflənməsinə belə münasibət xalq maarifinin maraqlarının vacib olmasının ən gözəl sübutudur”. 

İldən-ilə məktəb şagirdlərinin sayı artırdı və yeni bina üçün ehtiyac yarandı. 1903-cü ildə Qəyyumlar Şurası Dumadan Merkuriyevskaya, Birjevaya və Kaspiyskaya küçələrinin (sonralar Zərifə Əliyeva, Üzeyir Hacıbəyov və Rəşid Behbudov) kəsişməsində yerləşən torpaq sahəsinin məktəb üçün ayrılmasını xahiş etdi və müsbət cavab aldı. İnşa işləri 1908-ci ildə başladı. 1913-cü ildə artıq məktəb yeni binaya köçürüldü.

 [https://azerhistory.com/?p=12913

Burada 1901-1909-cu illərdə Əhmədbəy Ağayev, 1906-cı ildə isə Nəriman Nərimanov Azərbaycan dili və şəriət fənlərini tədris ediblər.

1909-cu ildə Bakı Kommersiya Məktəbində 498 şagird təhsil alırdı. “Qafqaz təqvimi”nin statistikasına əsasən, onlardan yalnız 14-ü zadəgan ailələrdən, 89-u isə kəndli ailələrindən idi. Burada 6 əcnəbi tələbə təhsil alırdı. Bu, Bakı Kommersiya Məktəbində təhsilin yüksək səviyyədə olmasının göstəricisi idi.  [Кавказский календарь 1910. Тифлис-1909]

AXC dövründə məktəb fəaliyyətini dayandırıb və 1919-cu ildə binada indiki BDU-nun bəzi fakültələri, kitabxanası və laboratoriyaları fəaliyyət göstərib. Burada 1920-ci illərdə şair Mayakovski dəfələrlə çıxış edib. Hazırda bura Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasıdır.

Bakıda ilk kommersiya məktəbi
Bakıda ilk kommersiya məktəbi
Bakıda ilk kommersiya məktəbi Bakıda ilk kommersiya məktəbi