Qəmər Hacıağa qızı Almaszadə 10 mart 1915-ci ildə Bakıda anadan olub.
6 yaşlı Qəmər rəqsə həvəs göstərir və indiki Bakı Xoreoqrafiya Məktəbinə yazılır. Lakin o, rəqslə məşğul olduğunu atasından gizlədir. Tezliklə bu sirr açılır və ata qızına qəzəblənir. Buna baxmayaraq, Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirir və 1930-cu ildə həmin teatrda işə başlayır. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxır. Atası isə onun bütün tamaşalarına gizli baş çəkir. [İradə Əliyeva. Azərbaycan səhnəsinin ilk balerinası. Azərbaycan.-2015.- 8 mart.- S.5.]
1933-cü ildə Almaszadə Rusiyaya gedərək indiki Vaqanova adına Rus Balet Akademiyasına daxil olur. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir.
Balerina 1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk peşəkar çıxışını edib, Gülyanaq rolunun ilk ifaçısı olub. “Qız qalası”nın 1948-ci ildə yeni – ikinci quruluşunun baletmeysteri Almaszadə olub. [Rəhmanlı Ə. Qəmər Almaszadə. Bakı-2017]
Qəmər Almaszadə teatrda fransız bəstəkar Adolf Adanın “Korsar”, rusiyalı bəstəkar Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, italyan bəstəkar Sezar Puninin “Esmeralda” kimi baletlərində əsas partiyaları, Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqsləri ifa edib. [Baletimizin təqvimi-Qəməridir…Qobustan: Sənət toplusu.-2015.- № 1.- S.21-23.]
O, 1950-ci ildə səhnə fəaliyyətini başa vurduqdan sonra Opera və Balet teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında rol oynayıb.
1970-ci ildə İraqın Mədəniyyət Nazirliyi orada ilk milli rəqs ansamblını yaratmaq üçün Qəmər xanımı Bağdad şəhərinə dəvət edir. Cəmi iki il ərzində o, İraqda rəqs kollektivi yaradır. Kollektiv dünyanın 50-dən çox ölkəsində uğurlu qastrol səfərlərində olur, beynəlxalq rəqs festivallarında iştirak edir və qələbələr qazanır. [İradə Əliyeva. Azərbaycan səhnəsinin ilk balerinası. Azərbaycan.-2015.- 8 mart.- S.5.]
O, “Qırmızı Əmək Bayrağı” ordeninə, AzSSR-nin Əməkdar və Xalq artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.
Qəmər Almaszadə 7 aprel 2006-cı ildə Bakıda vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub.