Bakıda binanın fasadından qopan daşlar avtomobilin üzərinə düşüb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Paytaxtın Nərimanov rayonunda yerləşən 14 mərtəbəli yaşayış binasının fasadından daşlar qoparaq yolun kənarında dayanan “Toyota” markalı avtomobilin damına düşüb. Nəticədə nəqliyyat vasitəsinə 17.000 AZN-lik ziyan dəyib.
Avtomobilin sahibi Səfər Əhmədlinin sözlərinə görə, sığorta şirkəti belə hadisələrə görə ödəniş edilmədiyini bildirib. Bu səbəbdən də o, təzminatın MTK tərəfindən ödənməsini tələb edir. Bununla bağlı artıq məhkəməyə də müraciət olunub.
MTK-dan isə məsələ ilə bağlı bildirirlər ki, ödəniş olsa belə, ancaq məhkəmənin qərarı ilə ediləcək.