Novruz bayramı xalqımızın bütün xüsusiyyətlərini özündə cəmləşdirən bayramdır. Bayram gecə-gündüz bərabərliyi günündə keçirilir və şimal yarımkürəsində astronomik yazın başlanmasını bildirir. Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT tərəfindən mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Keçmişdə Novruz bayramı Bakıda qədim adət-ənənələrə uyğun qeyd edilərdi. Küçələrdə uşaqlar rəngbərəng paltarlar geyinərək yumurta döyüşlərinə çıxardılar. Ara-sıra tapança da atılardı.
Məhəllə uşaqları həyətləri gəzməklə “Kosa-kosa” adlanan xüsusi bir oyun oynayar, tamaşaçılardan quru meyvə, pul toplayardılar. Rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş bir kürk geydirərdilər. Üzünə kağızdan düzəldilmiş üzlük, başına da şişpapaq taxardılar. Belinə zınqırovlu bir kəmər bağlanardı. Boynundan da zınqırovlar asardılar. Məhəllə uşaqları kosanı araya alıb, həyətləri gəzərək, xüsusi bir hava ilə aşağıdakı sözləri oxuyardılar, kosa isə oynayardı:
A Kosa-kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
Mahnılar bitdikdən sonra Kosa papağını açıb ev yiyəsindən və başqalarından pay yığar, uşaqlarla aşağıdakı mahnını oxuya-oxuya həyətdən çıxardı:
Bahar gəldi, bahar gəldi, xoş gəldi,
Xəstə könül onu görcək dincəldi.
Sizin təzə bayramınız mübarək,
Ayınız, gününüz, həftəniz mübarək.
Bayram axşamı bütün ailə evə toplaşardı. Qələmkar süfrə sərilərdi. Süfrənin başında uşaqların atası üçün xüsusi döşəkcə salınardı. Evin kişisi icazə verməyincə süfrə üstə hazırlanmış xonçaya əl uzatmağa kimsənin ixtiyarı yox idi. Ata süfrə başında oturduqdan sonra hamı xonçanın başına toplaşaraq, bir qədər bayram yemişindən yeyərdi. Daha sonra anaları südlüplov qazanını gətirər, hər uşağın payını öz boşqabına tökərək verər, südlüplov yeyildikdən sonra süfrə yığılardı.
Bu zaman küçələrdə atılan tüfəng səsi ilin təhvil olduğunu xəbər verərdi.
Mənbələr:
- http://www.anl.az/down/meqale/ses/2012/mart/236905.htm
- Sarabski Hüseynqulu. Köhnə Bakı. Bakı-2006