Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda anadan olub. Onun 5 yaşı olanda atası mart soyqırımı zamanı ermənilər tərəfindən öldürülüb.
Əliağa 7-ci sinfi bitirən kimi, 1930-cu ildə Paris kommunası adına gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında debüt edən Ağayev 25 il burada çalışır. Onun ilk rolları Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasındakı Hacı Qara, Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərindəki Jak olur.
“Hacı Qara” tamaşasından sonra Mircəfər Bağırov Əliağanı yanına çağırtdırır. Aktyor çəkincək halda Mircəfər Bağırovun qəbuluna yollanır. Sonra məlum olur ki, Bağırov onu oynadığı obrazı bəyəndiyi üçün çağırıb. Fəxri adının olub-olmamağını da soruşur. Bir müddətdən sonra Əliağa Ağayevə “Azərbaycan SSR Əməkdar artisti” fəxri adı verilib. Sonra aktyor “Azərbaycan SSR Xalq artisti” olub. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə Xalq artisti Əliağa Ağayev olub. [Ramilə Qurbanlı. 33 pərdəli dram. Bakı-2015]
Bundan sonra Ağayev kinoya çəkilməyə başlayır. İlk filmi 1955-ci ildə çəkilən “Görüş” olur. Onu tanıdan rol isə “O olmasın, bu olsun” filmində “Məşədi İbad” olur. Aktyorla birgə xeyli tamaşa hazırlayan rejissor Ağakişi Kazımovun xatirələrindən: “Bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: Hərləndim bazarı, gördüm, bir yerdən səsi gəlir. Baxdım ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim, bu nədir gətirmisən? Dedi, tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər”. [https://mia.az/w994463/994463]
Əliağa Ağayevə “SSRİ Xalq artisti” fəxri adını vermək istəyirlər. Bu ada görə aktyora Kommunist Partiyasına keçməsi təklif olunur. Lakin o, heç bir partiyaya üzv olmaq istəmir və fəxri addan imtina edir.
Ağayev 1961-ci ildə Akademik Milli Dram Teatrında işə başlayır və 22 il burada çalışır.
Əliağa Ağayev “Koroğlu”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Dərviş Parisi partladır” kimi filmlərdə müxtəlif obrazlar canlandırıb. Son rolu isə “Evlənmək istəyirəm” filmində Kərbəlayi Zal olub. Filmin çəkilişlərində aktyorun səhhətində nasazlıq olub, lakin o, çəkilişlərə gəlməyi davam edib. [Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1978]
Əliağa Ağayev 3 noyabr 1983-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.