Bakıda 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı yol nişanları quraşdırılır. Bu barədə BakuPlus.az BNA-nın Mətbuat Xidmətinə istinadən bu gün, 25 mart tarixində xəbər verir.
Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılmasına başlanılıb. Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq, tətbiq edilən yeni sürət həddinə riayət etmələri xahiş edilir.
O da qeyd olunur ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapmışdır.
