Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı ziyarət edib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az xəbər verir.

Görüş xəstəxanada baş tutub. A.Ələkbərov millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Diqqətə çatdırılıb ki, terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verilib.