Ölkədə 10-dan çox mağazanın sahibi Mustafa Tayat və yoldaşı Suzana Tayat arasında əmlak məsələsi səbəbindən mübahisə yaşanıb. Tərəflər bir-birini məhkəməyə verib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Mustafa Tayat 2021-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Bundan sonra həyat yoldaşı Suzana Tayat nikah zamanı satılan ərinə məxsus mənzilin dəyərinin yarısının qaytarılmasını tələb edərək Nərimanov rayon məhkəməsinə müraciət edib.

Qadının iddialarına görə, əri boşanma ərəfəsində mənzili təcili olaraq dostu Ahmet Tanıldıza satıb. O, Mustafa Tayatın əsas məqsədinin onun adına daşınmaz əmlakın olmadığını rəsmi şəkildə təmin etmək və bununla da həmin mənzili tərəflərin şərikli mülkiyyət kateqoriyasından çıxarmaq olduğunu bildirib. Bu səbəbdən Suzanna Tayat alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edib.

Məhkəmədə məlum olub ki, o, ərinə 2019-cu ildə mənzilin satışına etiraz etməmək üçün etibarnamə verib. Qadın ailədə heç bir problem olmadığı üçün etibarnamə verdiyini, lakin həmin vaxt mənzilin satılmadığını bildirib.

Nərimanov məhkəməsi iddianı qismən təmin edib. Belə ki, 300 min manata satılan mənzilin dəyərinin 50 faizi, yəni 150 min manatın Mustafa Tayatdan tutularaq həyat yoldaşına ödənilməsinə qərar verilib.

Lakin hər iki tərəf qərardan narazı qaldığından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Suzana Tayat evin qiymətinin baha olduğunu və daha çox pul verilməli olduğunu bildirib. Mustafa Tayat qeyd edib ki, ev ipoteka krediti ilə alınıb və o, evi sataraq krediti bağlayıb. Buna görə də o, qərarın ləğv edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək, Mustafa Tayatın xeyrinə qərar çıxarıb. Lakin Suzana Tayat Ali Məhkəməyə müraciət edib. Bu dəfə Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya məhkəməsinə qaytarıb. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun icraatında yenidən baxılır.

Mustafa Tayat 2008-ci ildə Azərbaycana gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi yaradıb.