Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən qəbiristanlığa baxış keçirilib. Bu haqda bu gün, 19 aprel tarixində Report məlumat verib.

Nağdəliyev yerli sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.

Tapşırığa uyğun olaraq, ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzardaşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.

Daha öncə məlum olub ki, Zabrat-1 qəsəbəsində yerləşən köhnə qəbiristanlıqda vandalizm və oğurluq əməlləri törədilib. Ümumilikdə 150-dən çox məzardaşı dağıdılıb və yerdə qalıb.