Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin həbsdə olan sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu haqda bu gün, 29 aprel tarixində Report məlumat verib.
Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb ediblər.
Zaur Mirzəyev ötən il avqustun 17-də saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
O, “Şəxsi həyatın toxunulmazlığını pozma”, “Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma” və “Vəzifə səlahiyyətlərini aşma” maddələri ilə ittiham olunur.
İttihama görə, Z.Mirzəyev xüsusi proqram vasitəsilə iş kompüterinə gizli kamera quraşdırıb, 2013-cü ildən 2019-cu ilin sonunadək iş otağında qadınlarla intim münasibətləri lentə alıb, fotolarını çəkib, həmçinin qanunsuz hazırlanmış pornoqrafik materialları yayıb.
Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.