Bakıda “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti olacaq. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Heydər Əliyev fonduna istinadən xəbər verir.
Mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan “Kremerata Baltika”da Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər yer alır. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur və konsertləri böyük maraqla gözlənilən orkestrləri sırasına daxil olub.
“Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.
Bakı konsertinin solistləri – Litva Kremeratasının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir. Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edəcək.
Tədbir 9 iyun saat 20:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.