Azərbaycanda Telegram sosial şəbəkəsində kriptovalyuta alqı-satqısı adı ilə vətəndaşların bank kartlarından pul oğurlayan, dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə Telegram fırıldaqçısının qurbanı olduqlarını iddia edən vətəndaşlardan çox sayda şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, naməlum şəxs beynəlxalq maliyyə birjalarında kriptovalyutaların alqı-satqısı yolu ilə pul qazanmaq barədə elanlar yerləşdirərək sosial şəbəkə istifadəçilərini aldadıb.
Müraciətlər nəzərə alınaraq, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Elçin Novruzzadə şübhəli şəxs qismində saxlanılıb.
Müəyyən edilib ki, Novruzzadə 20-yə yaxın zərərçəkmiş şəxsin bank kartlarından pul oğurlayaraq xarici ölkələrdəki hesablara köçürüb. Faktla bağlı istintaq davam edir.
Novruzzadənin qanunsuz əməllərindən zərər çəkmiş şəxslər Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə yaza bilərlər.