Azərbaycan Milli Xalça Muzeyində 16-18 may tarixlərində Beynəlxalq Muzeylər Günü münasibətilə müxtəlif tədbirlər nəzərdə tutulub. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az məlumat verir.
Tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
16 may saat 12:00-da “Çələbi” otağında 13 yaşdan yuxarı uşaqlar üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art-terapiya seansı təqdim edəcək.
17 may saat 16:00-da İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mühazirə keçiriləcək.
18 may saat 12:00-da balaca qonaqlar üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art-obyektin nümayişi ilə bitəcək.
İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.