Paytaxtın Nərimanov rayonunda sosial şəbəkələrdə narkotik vasitələrin daşınması ilə məşğul olan daha 54 nəfər saxlanılıb, onların barəsində cinayət işi başlanılıb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən əməliyyatlar zamanı saxlanılan şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsilə tanış olduqları xarici ölkələrdə, əsasən də İranda yaşayan narkotik alverçilərinin təsiri altında olduqlarını və müxtəlif vədlər qarşılığında Bakı şəhərində narkokuryerlik etmək təklifi ilə razılaşdıqlarını bildiriblər.
Aşkar edilmiş faktlarla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Ümumilikdə, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilən son əməliyyat tədbirləri zamanı 17 kiloqram, o cümlədən 9 kiloqram heroin və digər güclü təsir göstərən narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən götürülüb.