Paytaxtın bir çox yerlərində gövdəsi oyulmuş ağaclara rast gəlmək olar. Bəzi insanlar “onsuz da ətrafda zibil qabları yoxdur” deyib tullantıları ağacların içinə atırlar. Bir sözlə, paytaxtdaki əksər ağaclar zibil qabı kimi istifadə olunur. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində hesab edirlər ki, ağacların gövdəsinin quruması əvvəlcə müəyyən təsirlər və ya xəstəliklər səbəbindən olur. Belə olan halda vətəndaşın da ağacın gövdəsinə tullantı və ya siqaret kötüyü atması prosesi daha da sürətləndirir. Ancaq qurumaqda olan ağacları xilas etmək də olar.
Cavanşir Məmmədov, Yaşıllaşdırma Birliyinin baş mühəndisi: “Oyuq əmələ gəlmiş ağacların müalicəsinə gəldikdə isə, bura xüsusi dezinfeksiyaedici maddələr tədbiq olunur. Çürümüş hissə qaşınaraq götürülür. Ondan sonra bağ məlhəmi vurularaq onların ömürlərini uzatmaq mümkündür”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, istər parkda, istərsə də küçə və prospektlərdəki ağaclarla bağlı hər bir aidiyyəti qurum tərəfindən əvvəlcədən tədbirlər görülməlidir. Əgər ağacın budanmasına və yaxud kəsilməsinə ehtiyac yaranarsa, bu zaman yerli icra orqanlar tərəfindən nazirliyə müraciət edildikdən sonra problem aradan qaldırıla bilər.
