Türkiyənin ən məşhur onlayn satış platformalarından biri bu həftədən sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb. Azərbaycan vətəndaşları sayta daxil olarkən onlara yeni seçim təklif edilir. Ya məkan olaraq Türkiyəni seçib əvvəlki qaydada karqo şirkətləri vasitəsilə sifariş etmək, ya da Azərbaycanı qeyd edib məhsulları ev ünvanı və ya yaxınlıqdakı məntəqələrdən götürmək. Amma bu yenilik bir çox alıcılarda çaşqınlıq yaradıb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Azərbaycanın iri karqo şirkətlərindən birinin biznes inkişafı üzrə direktoru Pərviz Əzimovun sözlərinə görə, bu dəyişiklik alıcılara hər hansı bir məhdudiyyət yaratmır. Əksinə, onların işini daha da asanlaşdırır.
“Müştərilər bu günə qədər “Trendyol”dan məhsul sifariş etmək istədiyi zaman əməkdaşlıq etdikləri və ya müştərisi olduqları karqo şirkətinin Türkiyə ünvanını qeyd edirdi və həmin karqo şirkəti bağlamanı Azərbaycana gətirirdi. Ancaq indi insanlara seçim verir ki, istəsəniz, siz birbaşa Azərbaycan ünvanını da seçə bilərsiniz və ya Azərbaycanda əməkdaşlıq etdiyi “Gəl al” nöqtəsini seçə bilərsiniz”, – Əzimov izah edib.
Birbaşa ev ünvanı sadəcə Bakı, Abşeron və Sumqayıt üçün keçərlidir. “Gəl al” nöqtəsi isə Azərpoçtun şöbələri və bəzi çatdırılma şirkətlərinin ofislərindən ibarətdir. Məhsul bu nöqtələrə gəldiktən sonra vətəndaşlar oradan sifarişlərini götürə biləcəklər. Alıcıları narahat edən əsas məsələlərdən biri də qiymətdir. Türkiyədən birbaşa Azərbaycandakı ünvana sifariş zamanı çatdırılma rüsumu artırıla bilərmi?
“Hal-hazırda müşahidələrimiz göstərir ki, “Trendyol” əvvəlki qaydada Türkiyədə göstərdiyi qiymətlə Azərbaycana eyni satış edir. Karqo ödənişi olaraq da müştərilər əvvəllər şirkətə ödəniş edirdilərsə, indi sadəcə olaraq karqo daşıma məbləğini onlayn ödəmiş olacaqlar və onların sifarişi birbaşa Azərbaycana gəlmiş olacaq”, – deyən marketoloq Rəşad Hüseynov bu yeniliyi müsbət qiymətləndirir. Bildirilir ki, bu, ilk növbədə rəqabəti artıracaq və rəqabət qabiliyyətli şirkətlərin gücünü ortaya qoyacaq. Qiymət artımından isə söhbət gedə bilməz.
“Rəqabət artan yerdə mütləq istehlakçı qazanır, çünki bu, eyni zamanda qiymətlərin düşməsinə və müştərilərin qiymət avantajı əldə etməsinə səbəb olacaq. Bundan başqa, daha bir üstünlük ondan ibarətdir ki, artıq qeydiyyat zamanı bizim Azərbaycan nömrələrinin tanınması və digər məsələlər müştərilərə daha da rahatlıq və üstünlük yaradacaq”.
Bəs ölkədə fəaliyyət göstərən 200-ə yaxın karqo şirkətinin aqibəti necə olacaq?
“Hal-hazırda bizə seçim verilir ki, ya biz özümüz birbaşa sifariş edək və ya təyin olunmuş nöqtədən götürək. Bu nöqtədə də görürük ki, bəzi karqo şirkətləri artıq “Trendyol” ilə əməkdaşlığa başlayıb. Amma müştəri hər zaman onu seçməyəcək. Daha çox öz ünvanını qeyd edib birbaşa çatdırılmanı seçəcək. Burada da artıq karqo şirkətlərinə ehtiyac azalacaq. Dolayısı ilə karqo şirkətlərinin bazardan çıxmasına səbəb olacaq”.
Sayt gömrükdəki qeydiyyat prosedurundan asılı olaraq, sifarişlərin 6 gün ərzində çatdırılacağını açıqlayıb. Amma bəzi geyim markaları birbaşa Azərbaycana göndərişləri həyata keçirməyəcək. Buna səbəb isə şirkətlərin ölkəmizdə geniş ticarət şəbəkəsinin olmasıdır. Bu məhsulları əvvəlki qaydada sifariş edib karqo şirkətləri vasitəsilə almaq mümkündür. Hazırda sayt üzərindən çatdırılma üçün ödəniş bir satıcıya 60 lirə, yəni təxminən 6 manatdır. Amma bu qiymətin müvəqqəti endirim kampaniyası olduğu ehtimal edilir.