Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ceyranbatan – “Xocəsən” metro stansiyası – Ceyranbatan, Masazır – “Xocəsən” metro stansiyası – Masazır müntəzəm avtobus marşrutları istifadəyə verilib. Bu haqda bu gün, 12 may tarixində Report məlumat verib.
Ceyranbatan qəsəbəsi – “Xocəsən” metro stansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi – “Xocəsən” metro stansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.
Ceyranbatan qəsəbəsi – “Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, “AAAF Park” yaşayış kompleksi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, “Xocəsən” metro stansiyası.
Masazır qəsəbəsi – “Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: “Abşeron City” yaşayış kompleksi, “Qurtuluş-93” yaşayış kompleksi, “Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, “Xocəsən” metro stansiyası.
