Mədəniyyət naziri Adil Kərimli bu gün, 13 may tarixində Bakının 3 mədəniyyət ocağına təyinatlar həyata keçirib. Bu haqda Report məlumat verib.
Müvafiq sərəmcama əsasən, Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib. O, bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəz edib. İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.
Digər sərəncamla əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.
Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib. O, “Tərəqqi” medalçısı, 1998-ci il Respublika Muğam Müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.