Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Dəmir yolu stansiyası deyilən ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu qəsəbədə aptek yoxdur. Hətta onlar aptek üçün müəyyən bir məsafə qət etməli olurlar. Qala qəsəbəsinin mərkəzində cəmi bir aptek var, lakin aptekin qapıları bağlıdır. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Qala sakinləri deyirlər ki, dərman tapılmır. Belə ki, onlar lazım olan dərmanları almaq üçün bu aptekə üz tuturlar. Lakin axtardıqları dərmanı burda tapmaq müşkülə çevrilir. Bəzən 1-2 manatlıq dərman üçün 5-10 manat xərcləri çıxır. Çünki aptek sorağı ilə digər qəsəbələrə üz tuturlar.

Sakinləri narahat edən məsələ ilə bağlı Qala qəsəbə bələdiyyəsinin sədri yerində olmasa da, telefonla əlaqə saxlaya bildik. Sakinlərin problemindən xəbərsiz olduğunu deyən bələdiyyə sədri Mahir Novruzov bizi inandırmağa çalışdı ki, ərazidə kifayət qədər aptek var.

Problemin həlli üçün Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzindən bildirildi ki, qanunvericilikdə apteklərin bir-birindən hansı məsafədə yerləşməsi ilə bağlı xüsusi müddəa yoxdur.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev: “Bizə ünvanlanan müraciətlər əsasında hər hansısa bir ərazidə yeni aptekin açılması zərurəti yaranan ərazilərlə bağlı əczaçılıq sahibkarlarına bununla bağlı tövsiyə xarakterli məlumatlar verilir və gələcəkdə həmin ərazilərdə tələbatın olduğunu nəzərə almaqları və həmin bölgədə, ərazidə yeni apteklərin açılmasını nəzərdə tutmaları bildirilir”.

Analitik ekspertizadan qeyd olunub ki, sözügedən ərazidə aptekin olmaması və yaxud da az olması ilə bağlı bizə müraciət daxil olarsa, o zaman iri əczaçı şirkətlərə tövsiyə olunacaq ki, aptek açarkən Qala sakinlərinin istəyini də nəzərə alsınlar.