Bir vaxtlar Maştağa qəsəbəsində istehkam mövcud olub. Hazırda bu abidə tamamilə dağıdılsa da, bəzi mənbələrdə qala haqqında məlumata rast gəlinir.

Rus tədqiqatçısı Paxomovun verdiyi məlumata əsasən, burada çətin oxunan kitabə hissəsi aşkar edilmişdir: “Bina Məhəmməd İbrahim-Əli oğluna…səkkizinci ildən…” [Пахомов Е.В. Старинные оборонные сооружения Абшерона// Труды института истории имени А.Бакиханова. Баку-1947]

Bəzi mənbələr, tarixçi Bakıxanovun məlumatına əsaslanaraq, bu qalanı II Mirzə Məhəmməd xana ( Bakıxanovun atası) aid edir. II Mirzə Məhəmməd xan hələ 1784-1791-ci illərdə Bakı xanlığının hökmdarı olub. Sonradan o, taxtdan uzaqlaşdırılıb və Qubaya köçüb. 1792-ci ildə o, yenidən xanlığı ələ keçirmək üçün Bakıya gəlib. Bakı xanı Hüseynqulu xan ilə uzun danışıqlardan sonra xanlıq iki yerə bölünüb. Mirzə Məhəmməd Balaxanıda, Maştağada və Əmircan kəndlərində yaşayıb. O, müdafiə məqsədi ilə Maştağada özünə yeni qala inşa edib. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000]

Lakin bəzi tədqiqatçılar hesab edirlər ki, bu istehkam daha qədim zamanlara aid olan Abşeron qalalarından biridir. Memar Şamil Fətullayev qalanı XIV əsrə aid edir. [Фатуллаев-Фигаров Ш.С. Зодчество Апшерона. Баку-2013] [Babayev Ə. Bakı xanlarının Maştağadakı iqamətgahı Abşeron tarixindən səhifələr.//Bakının səsi.-1995.- 22 fevral]

XIX əsrdə rus alimi İlya Berezin Maştağaya səyahət edərkən bu qala haqqında yazmışdır: “Şərq kəndlərinin böyük bir hissəsi kimi Maştağanın da hündür divarlı, zəlzələdən ciddi zədələnmiş istehkamı var”. Berezin, həmçinin istehkamda məscidin olmasını qeyd edir.

[Березин И.Н. Путешествие по Дагестану и Закавказью. Том I. Казань-1849]

Qala 1841-ci ilin dekabr ayında baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdir və bu, onun zamanla məhv olunmasına gətirmişdir. Qala divarının və qüllənin bir hissəsi 1940-cı ilə qədər mövcud olub. Bu hissədən məlum olurdu ki, iqamətgahın künclərində Nardaran qalasında olduğu kimi, dairəvi qüllələr mövcud idi. Qüllənin xarici diametri 2,6-3 m, qala divarının qalınlığı isə 1,8 m olub.

1960-cı ildə qalanın keçmiş ərazisində əhəng daşı ilə örtülmüş quyu aşkar edilmişdir. Kəndin yaşlı sakinlərinin dediyinə görə, quyudan yeraltı yollar başlayarmış. [Фатуллаев-Фигаров Ш.С. Зодчество Апшерона. Баку-2013] [Cansail Y. Maştağa. Mədəniyyət.- 2010.- 20 avqust.- S. 8.]

Maştağa qalası

Maştağa qalası
Maştağa qalası
Maştağa qalası Maştağa qalası