Bakıda sərnişin avtobuslarının birində sürücü ilə sərnişin arasında insident yaşanıb. Bu haqda bu gün, 15 may tarixində Bizim.Media məlumat verib.

Avtobus salonunda olan sərnişinlərdən biri “Bakıxanov” dəmir yolu stansiyası – Şərabçılıq xətti ilə hərəkət edən 57 saylı marşrutun sürücüsünün kobud davranışını, hətta onu təhqir etməsini lentə alıb.

Avtobusa minən sərnişin avtobusun gec gəlməsindən və dayanacaqdan kənarda saxlamasından şikayətlənib. Buna cavab verərək 99-JV-756 dövlət nömrə nişanlı avtobusun sürücüsü: “Get, kimə şikayət edirsən, et”, – deyib və həmçinin sərnişini ağır sözlərlə təhqir edib.

Tərəflər arasında baş verən insident qəzəbli sürücünün avtobusu ehtiyatsız idarə etməsi və fövqəladə vəziyyət yaratması ilə nəticələnib.

57 saylı marşrut sərnişinlərin ən çox şikayət etdiyi ictimai nəqliyyatdır. Bu ilin fevral ayından etibarən 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusları “BakuBus” MMC tərəfindən idarə olunur.