Son günlər müxtəlif media resurslarında Bakıda sərnişin avtobuslarında gediş haqqının gözlənilən artımı ilə bağlı məlumatlar yayılıb. Bu haqda bu gün, 15 may tarixində Oxu.az məlumat yayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, Bakıda sərnişindaşımada qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.

Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinin yeni tarifləri təsdiq edilib. Metropolitendə sərnişindaşıma tarifi 1 gediş üçün 10 qəpik artırılaraq 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında məsafədən asılı olaraq 0,4-1 manat olmaqla təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında gediş haqqının yuxarı həddi 1 km üçün 3 qəpik müəyyən edilib (əvvəlki tarif 2,4 qəpik idi). Qərar 2023-cü il fevralın 3-dən qüvvəyə minib.