Mənzil Kommunal İstismar Sahəsi (MKİS) ilə qonşular üz üzə qalıblar. Buna səbəb qonşulara Suraxanı rayonu 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin onların xəbəri olmadan akt tərtib etməsidir. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az İctimai TV-yə istinadən məlumat verir.

Suraxanı rayonu, Yeni Günəşli, V yaşayış sahəsində yerləşən evin 5-ci mərtəbəsində yaşayan mənzil sahibi mənzilinə su sızması zamanı dəymiş ziyanı qarşılamaq üçün sığortaya müraciət edib. Təxminən 3 ay əvvəl 5-ci mərtəbədə yaşayan sakininin mənzilinə su sızması ilə bağlı şikayət etdiyi 6-cı və 7-ci mərtəbələrdə olan mənzillərin sahiblərinə cərimə yazılıb. Lakin onların sözlərinə görə, protokol evə heç bir baxış keçirilmədən tərtib olunub. Hətta ev sahibi Fərid Hüseynova iki dəfə cərimə yazılıb: bir dəfə 110 manat, ikinci dəfə isə 150 manat.

“Məndə onlardan soruşdum ki, mənim evimə gəlmədən, bunu təyin etmədən siz necə qanunsuz aktı göndərə bilərsiniz? Dedilər ki, “biz sizin evinizdə olmuşuq”, amma olmayıblar. Mən də onlardan xahiş etdim ki, mənə evdə olmağım barədə bir arayış versinlər. Onu da mənə təqdim etmədilər”.

7-ci mərtəbədə yaşayan 41-ci mənzilin sahibi Ruslan Abışova isə mənzilinə baxış keçirilmədən 108 manat cərimə yazılıb. 6-cı mərtəbədə yaşayan qonşu deyir ki, 7-ci mərtəbədə yaşayan Ruslan Abışovun mənzilindən onun mənzilinə su tökülməyib. Belə olan halda həmin mənzillərdən 5-ci mərtəbəyə necə su tökülə bilər?

Suraxanı rayonu 62 saylı Mənzil İstismar Sahəsinin rəisi deyilənləri təkzib edib. Onun sözlərinə görə, Mənzil İstismar Sahəsinin əməkdaşları sözügedən ünvanda olub və bundan sonra məsələni aktlaşdırıblar. Onda məlum olub ki, sözügedən hadisə əslində 2021-ci ildə baş verib. Sığorta isə zərərin miqdarını indi hesabladığından cərimələr də qonşulara indi gəlib.

“Mütəxəssislərimiz orada baxış keçiriblər. Baxış keçirməmiş akt verə bilmərik. Bu, baxış zamanı aşkar olunub. Su axıntısı aşkar olunduğu zaman akt verilir, yəni akt özbaşına verilməyib. Sığortanın göndərdiyi sorğuya əsasən, baxış keçirilib və aktlaşdırılıb”, – sahə rəisi əlavə edib.