Azərbaycanda İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş vətəndaşlar saxlanılıblar. Bu haqda bu gün, 16 may tarixində Azərbaycanın Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
Əməliyyat zamanı Rufulla Axundzadə və onun oğlu Əlmürsəl Axundzadənin İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək silahlı iğtişaşlar təşkil etmək, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirərək “Kərimə” dini dövləti yaratmaq, tanınmış dövlət məmurlarına sui-qəsd təşkil etmək planı hazırlanmaları müəyyən olunub.
Bildirilir ki, Rufulla Axundzadə sosial şəbəkələrdə qapalı qruplar yaradaraq qətlə yetirilməsi planlaşdırılan şəxslərin şəxsi məlumatları, ünvanları siyahılarını paylaşaraq, silah əldə edilməsi və Molotov kokteyli hazırlanması barədə göstəriş verib.
Xüsusi əməliyyat zamanı “Qisas 313” qrupunun 7 üzvü – Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddin və Məhərrəm Musayev saxlanılıblar, qrupun digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.