Bakı sakini Şamxal Rüstəmova Dövlət Yol Polisi tərəfindən 1400 manat məbləğində ümumilikdə 25 cərimə yazılıb. Lakin sürücü həmin cərimələrin ona aidiyyəti olmadığını iddia edir. Bu haqda bu gün, 16 may tarixində Avtosfer məlumat verib.

Vətəndaşın sözlərinə görə, “Çinar Trans” MMC-yə məxsus 99-JP-462 markalı nəqliyyat vasitəsinin inzibati cərimələri onun sürücülük vəsiqəsinə yazılır: “Mənim sürücülük vəsiqəm B kateqoriyalıdır, yəni yalnız minik avtomobillərini idarə etməyə imkan verir. Amma 99-JP-462 nömrəli nəqliyyat vasitəsi avtobusdur. Yəni mən istəsəm belə, avtobus idarə edə bilmərəm. Həyatım boyu avtobus sürməmişəm, amma hazırda adımda avtobusa görə yazılmış 1400 manatlıq 25 cərimə var”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 99-JP-462 dövlət qeydiyyat nişanlı avtomobil “Çinar-Trans” MMC-yə məxsus olduğundan sürücü haqqında məlumat şirkət tərəfindən təqdim olunub.

Məsələ ilə bağlı “Çinar Trans” MMC-nin direktoru bildirib ki, problem texniki xəta ucbatından yaranıb və vətəndaşa düzgün yazılmayan cərimələr gün ərzində ödəniləcək.

“Çinar Trans” MMC Bakıda bir sıra marşrutlarda fəaliyyət göstərən şirkətdir.