Bakının Sabunçu rayonu, Zabrat və Balaxanı qəsəbələri arasında yerləşən xristian qəbiristanlığında təmir-bərpa işləri aparılıb. Bu haqda bu gün, 16 may tarixində Trend məlumat verib.
Daha öncə xristian məzarlıqlarında qəbirlərin dağıdılması faktları barədə məlumat yayılmışdı.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bu məsələ xüsusi nəzarətə götürülüb. Azərbaycan Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin iştirakı ilə əraziyə baxış keçirilib, sakinlər və rus icmasının nümayəndələri ilə görüş olub.
Bu gün Bakı şəhər İcra Hakimiyyəti görülən işlərlə bağlı hesabat verib. Bir aydan az vaxt ərzində yerli hakimiyyət qəbiristanlığı tamamilə bərpa edib:
– 135 qəbirdaşı təmir-bərpa olunub;
– 12 xaç bərpa edilib;
– qəbiristanlığın ətrafında 770 m uzunluğunda divar çəkilib;
– 3 videomüşahidə kamerası quraşdırılıb;
– 4500 m uzunluqda yola çınqıl daşlar tökülüb;
– yeni su xətləri çəkilib və bulaq tikilib;
– ağartma işləri aparılıb.
Bundan əlavə, şəhər hakimiyyəti Bakıda ümumi sayı 28 olan xristian qəbiristanlıqlarına nəzarət edib. Verilən məlumata görə, həmin məzarlıqlarda 232,5 min nəfərin qalıqları dəfn olunub. Nəticədə bütün bu qəbiristanlıqlarda lazımi işlər görülüb:
– mövcud su və elektrik xətləri bərpa olunub və ya yeniləri çəkilib;
– 21 məzarlıqda uzunluğu 15.372 metr olan yeni hasarlar çəkilib (və ya mövcud olanlar bərpa olunub);
– 15 məzarlıqda 46 videomüşahidə kamerası quraşdırılıb;
– 1023 sinə daşı bərpa olunub.
Zabratda olan xristian qəbiristanlığı bərpa olunub









