Bu gün, 17 may tarixində Bakının Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatına start veriləcək. Bu haqda Bakuplus.az məlumat verir.

Yarış “Ulduz kimi parla” şüarı altında keçiriləcək. 38 ölkəni təmsil edən 315 gimnast Hollivud ab-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək yarış meydançasına yol alacaqlar.

Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.

Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Yarışda Azərbaycanı böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər.

Çempionat mayın 21-nə kimi davam edəcək.