Dövlət Muğam Teatrının solisti, bakılı milyonçu, məşhur qarmon ifaçısı Ələkbər Nəzərlinin nəvəsi, Əməkdar artist Ədilə Əflakinin yaşamaq üçün evi yoxdur. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az APA TV-yə istinadən məlumat verir.

Belə ki, oğlu ilə yaşayan müğənni 16 kv.m olan hamamı iki yerə bölmək məcburiyyətində qalıb və bu otaqda gecələyir.

Qadın etiraf etdi ki, elə bir qurum yoxdur ki, oraya müraciət etməsin, saysız-hesabsız məktub və teleqramlar göndərməsin. O, dövlət qurumlarından xoş xəbər gözləyir. Oğlunun artıq 40 yaşı var və Ədilə onun ailə qurması, özünün isə nənə olmaqsı arzusundadır.

Ailə 1982-ci ilə qədər ailə yuvasında – Bakının mərkəzində, İsmayıl Qutqaşınlı küçəsində yerləşən evdə yaşayıb. Bu bina söküldükdən sonra orada yaşayan 8 ailəyə ümumi sahəsi 184 kv.m olan ev verilib. Ədilə Əflaki da bu evdə 16 kv.m mənzil əldə edib.

Ədilə Əflaki 50 il teatrda xidmət edib, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, oğlu isə 2-ci qrup əlildir.