Belçikada itkin düşən Nizami Məmmədovun yeri məlum olub. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az məlumat verir.

Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata görə, 5 may tarixində Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə 34 yaşlı Nizami Məmmədovun Brüssel şəhərində olması və yardıma ehtiyacı olması barədə qohumlarından məlumat daxil olub.

Səfirliyin əməkdaşları dərhal Məmmədovla telefonla əlaqə saxlamış, mayın 6-da onunla səfirlikdə görüşmüş, ona müvafiq dəstək göstərmişdirlər. Söhbət zamanı Məmmədov Azərbaycandakı qohumlarının yanına qayıtmaq istəmədiyini bildirib.

Müəyyən edilib ki, Məmmədov bir müddət əvvəl Ukraynadan Belçikaya gəlib və hazırda Belçikada qanuni əsasda yaşayır. Bu səbəbdən onu Azərbaycana deportasiya etmək üçün heç bir əsas müəyyən edilməyib.

Daha sonra, səfirlik əməkdaşları ilə söhbətin davamı zamanı Məmmədov ilkin fikrini dəyişərək Azərbaycana qayıtmağa razı olduğunu bildirib.

Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Mayın 15-də səfirliyə daxil olan məlumata görə, Məmmədovun yeri artıq məlum olub. Hazırda o, Belçikada qeyri-qanuni miqrantların saxlanma mərkəzindədir və onu Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşı qarşılayıb.

Səfirlik Məmmədovun yaxınlarına məlumat verib ki, onun Azərbaycana qayıtmaq istəyi qüvvədə qalsa, qohumlarının təcili olaraq Belçikaya gəlib onu Azərbaycana müşayiət etmələri zəruridir.