Özündən 24 yaş böyük qohumla nişanladırılan 13 yaşlı qız və bacısı ailədən alınacaqlar. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyevin sözlərinə görə, ailə ilə söhbət aparılıb, nişan pozulub.

Həmçinin ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, izahat alınıb.

213 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva bildirir ki, 5 il ərzində dəfələrlə valideyn ilə əlaqə saxlasa da, heç bir nəticə olmayıb. Məktəbdən aidiyyəti orqanlara məlumat verilib, lakin şagirdin təhsildən yayınması halı davam edib.

Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, qız bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada qızlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.