Hüseyn Abbas oğlu Abbaszadə 22 noyabr 1922-ci ildə Bakıda anadan olub.

Orta təhsilini bitirdikdən sonra o, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılmışdır. Abbaszadə 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, birinci və dördüncü Ukrayna cəbhələrində döyüş yolu keçmişdir.

Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. Sonralar “Sınaq illəri”, “Yaşıl küçə”, “Silah yoldaşları”, “Yasəmən”, “Sən nə yaxşı nənəsən”, “Yun corab” və s. kitabları işıq üzü görür. Bu kitablarda toplanan şeirlər və kiçik hekayələr, əsasən, uşaqlara həsr olunub. [https://medeniyyet.az/page/news/46712/Nesrimize-General-bexs-etmis-edib.html?lang=az]

Müharibədən qayıdan Abbaszadə 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində ali təhsil alıb. O, əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayıb. Abbaszadə 1958-1964-cü illərdə “Göyərçin” jurnalının redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olub. Abbaszadə 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

Abbaszadənin “Azərbaycan” jurnalında dərc edilən “General” romanı müəllifə şöhrət qazandırıb. Bu əsərdə yazıçı Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun keçdiyi döyüş yollarını qələmə alıb. Həmçinin o, “Qaradağ əhvalatı”, “Qapını döyürlər”, “Mansur”, “Şokolad paylayan qız”, “Hardansınız, müsyö Abel?”, “Uzaqdan gələn qonaq” povestlərinin müəllifidir. [http://ensiklopediya.gov.az/az/terms/256/cild/13

Şair, həmçinin bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edib: S.V.Mixalkovun “Dostumla birlikdə”, Z.N.Aleksandrovanın “Bir ulduzdan beş nəfər”, X.Trayanovun “Qızıl gül əfsanəsi”, S.Y.Marşakın “Birdən ona qədər”, N.A.Nekrasovun “Mazay baba və dovşanlar” və s.

Abbaszadənin lirik şeirlərinə bəstələnmiş mahnılar görkəmli Azərbaycan müğənniləri tərəfindən ifa edilib. Yazıçının əsərləri də bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkənin hüdudlarından kənarda yayılıb. [http://www.aak.gov.az/upload/dissertasion/filologiya_elml_ri/Heyd%C9%99rova_Ayg%C3%BCn_Eyyub_q%C4%B1z%C4%B1_Avtoreferat_02_02_2022.pdf

Hüseyn Abbaszadə SSRİ-nin bir sıra hərbi orden və medalları, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub. O, “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” və “Azərbaycan Respublikasının Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Hüseyn Abbaszadə 12 dekabr 2007-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.