Bakının “Xətai” metro stansiyasının qarşısında dayanacaq olub və sökülərkən sərnişinlərə bildirilib ki, yerində yenisi quraşdırılacaq. Amma bilinməyən səbəblərə görə burada iş aparılmayıb. Mövcud vəziyyətdən isə sakinlər olduqca narazıdırlar. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.

Sakinlər iddia edirlər ki, yeni dayanacaq quraşdırılmağa başlayarkən “Bakı Metropoliteni” QSC maneçilik törədib. Nəticədə 2 aya yaxındır ərazidə dayanacaq yoxdur. Dayanacağın yerində isə köşk quraşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən sorğuya cavab olaraq bildirildi ki, yeni dayanacağın quraşdırılması ilə bağlı heç bir əngəl törədilməyib. Əksinə, BNA ilə birgə ərazidə monitorinq aparılıb, dayanacaq üçün birlikdə yer təyin edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə deyildi ki, sözügedən ünvanda smart tipli avtobus dayanacağı pavilyonunun quraşdırılması nəzərdə tutulub. Hazırda pavilyonun təməlinin tikintisi aparılır. Qarşıdakı günlərdə isə üst hissələrin quraşdırılmasına başlanılacaq.

Həmin ərazidən 7 marşrut xətti üzrə avtobusların keçdiyini nəzərə alaraq, dayanacağın tezliklə quraşdırılmasının sərnişinlər üçün nə dərəcədə əhəmiyyətli olduğu aydın görünür.