Bakının Xətai rayonunda yerləşən “Həzi Aslanov” metro stansiyası hər gün minlərlə sərnişinə xidmət edir. Amma stansiyanın digər tərəfə çıxışını sakinlər illərdir gözləyirlər. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.

İnşanı aparan qurum küçənin bir hissəsini 10 il əvvəl bağlayıb. Piyadalar küçənin bu hissəsindən istifadə edə bilmirlər, həmçinin əraziya bitişik binalara giriş də məhdudlaşdırılıb. Hündür hasarların arxasında qalan obyektlərin sahiblərinə isə fəaliyyət apara bilmədiklərinə görə illərlə zərər dəyir.

“Bakı metropoliteni” QSC-dən bildirdilər ki, bir neçə il əvvəl məsələ ilə bağlı artıq İTV-yə müsahibə verilib. Müsahibədə verilən məlumat da qüvvədədir. Sözügedən müsahibə 4 il əvvəl verilib. Orada qeyd edilmişdi ki, bir stansiyanın tikilməsi mürəkkəb proses olduğuna görə məsələ bir balaca ləngiyir. Bu “balaca” ləngimənin neçə il çəkəcəyi isə məlum deyil.

Bundan əlavə, rayon ərazisində, 8 Noyabr prospektində də metronun mövcudluğuna dair əlamətlər var. Əraziyə avadanlıqlar gətirilən zaman bu prospekt hələ Nobel prospekti adını daşıyırdı. Yəni həmin avadanlıqlar artıq uzun müddətdir ki, buraya gətirilib.

Qurumdan bu ərazi ilə bağlı açıqlama almaq istədikdə isə oranın hasarlandığını ancaq heç bir işin aparılmadığını qeyd etdilər.