Bakı-Sumqayıt yolunda və “Nizami” metro stansiyasının yaxınlığında avtomobillər hərəkətin əksinə doğru gedərək təhlükə yaradıblar. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az məlumat verir.

Bakı Vaxtı-dan əldə olunan məlumata görə, sürücü Bakı-Sumqayıt yolunda avtomobilini hərəkətin əks-istiqamətində idarə edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Onun bu qayda pozuntusunu hər səhər təkrar etdiyi bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, “Mitsubishi Lancer” markalı 01-AD-045 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Abşeron rayon sakini Sübhan Nəsirova 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilib.

Daha bir hadisə metronun “Nizami” stansiyası istiqamətində, Cəfər Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsində qeydə alınıb. “VAZ-21099” markalı minik avtomobilinin sürücüsü analoji qayda pozuntusu yol verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, sürücü müəyyən edilərək cəzalandırılacaq.