Bakı Apellyasiya Məhkəməsində azadlıqdan məhrum olunmuş şəxs və öldürdüyünün anası arasında insident olub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.

Hadisə ötən gün məhkəmənin inzibati binasında baş verib. Qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anası Nəzakət Bayramovanın sözlərinə görə, məhkum Əli Abbasov onu təpiklə qarnından vurub. Həmçinin cinayətkarın dostları qadını itələyərək yıxıb və nalayiq söyüşlərlə təhqir ediblər.

Qadın ağır xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda o, tibbi müəssisədə müalicə alır. Bayramova məsələ ilə bağlı Yasamal rayon Prokurorluğuna müraciət edib.

Daha öncə məlum olub ki, 22 yaşlı Bəxtiyar Nəsibovu öldürməkdə təqsirləndirilən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xətai rayonunda 2021-ci il martın 1-də Bakı şəhər sakini Əli Abbasov N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən dava edib. Həmin zalda idman edən 22 yaşlı Bəxtiyar Nəsibov mübahisə zamanı Abbasova  bədən xəsarətləri yetirib. Sonra Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.