Qaradağ rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən 5 saylı yataqxanada 20-yə yaxın ailə yaşayır. Burada insanlar məcburi şəkildə məskunlaşmalı olublar. Yataqxananın istismar müddəti çoxdan başa çatıb, bina yaşayış evindən daha çox xarabalığa oxşayır. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Baku TV-yə isitnadən məlumat verir.

Sakinlərin sözlərinə görə, tavandan tökülən daşlar, hətta plitələr onların və övladlarının başlarına düşür, qab yuduqları yerdən qurbağalar çıxır, ev həşəratlarla doludur.

“Biz burada orderlə yaşayırıq, yəni bizə dövlət order verib. Biz etirazımızı bildiririk ki, bu bina qəzalıdır, bu binanı sökün”, – deyə şikayətçi sakin bildirib.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 5 saylı yataqxana Qaradağ rayon MKTB-nin balansındadır.

Qaradağ rayon MKTB-nin baş mühəndisi Kamal Mirzəyev məsələ ilə bağlı açıqlama verib: “Yataqxanada məcburi köçkünlər məskunlaşmışdır, dövlətimiz tərəfindən bunlar mənzillərlə təmin olundu və köçürüldü. Məsələ ilə bağlı biz FHN-i dəvət etdik, onlar rəy verdilər ki, həmin binada yaşamaq mümkünsüzdür, binanın qəzalı vəziyyəti təsdiqlənib. Hal-hazırda Qaradağ RİH-nin balansında boş mənzil olmadığına görə sakinlər müvəqqəti olaraq orada məskunlaşıblar. Lakin binanın sökülməsi və insanların digər məzillərlə təmin edilməsi ilə bağlı biz heç bir məlumat verə bilmirik”.