Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Hökm ötən gün Bakı Apellyasiya Məhkəməsində oxunub. Hakim onu Cinayət Məcəlləsinin “Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə” maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Rzayevin vəkili Səlahəddin Cəfərovun sözlərinə görə, apellyasiyaya tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında baxılıb. Həmin cinayət işi 2018-ci ildən davam edib. Vəkil cəzanı ədalətsiz hesab edərək yüksək instansiya məhkəməsinə şikayət etməsini bildirib.

Verilən məlumata görə, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva direktor Tural Mirzəliyev tərəfindən dəvət olunub və ona tədris və tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə bölgüsünün ilin ikinci yarısından dəyişdiriləcəyi barədə bildirilib. Lakin Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra qardaşı Rza Rzayev direktorun yanına gəlib və onunla mübahisə edərək onu döyüb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.