Orta əsrlərdə sənət sahələrindən biri kankanlıq idi. Kankanlıq sənəti əsas üç istiqamətdə inkişaf etmişdi: su quyularının qazılması, su-kəhriz sisteminin çəkilməsi, həm də yeraltı gizli yolların qazılması.
Bütün sənət növləri kimi, kankanlıq da irsi xarakter daşıyırdı və ailədə yaşlı nəsil tərəfindən gənc nəslə ötürülürdü. Hətta orta əsrlərdə Bakıda Kankanlar məhəlləsinin olması barədə xalq etimologiyasında məlumatlar var.
Hər zaman torpaqla təmasda olan və ağır fiziki qüvvə ilə çalışan bu sənət sahibləri həm də dövlət əhəmiyyətli strateji məqsədə qulluq edirdilər. Ümumiyyətlə, şəhərin su təchizatı və yeraltı gizli yolları strateji əhəmiyyət daşıdığından dövlət nəzarəti altında idi. Bu işdə çalışan kankanlarla xüsusi müsahibə aparılır, gördükləri işin gizli qalması üçün onlara təlimat verilirdi. [Kamil İbrahimov. İçərişəhərdə yeraltı yollar. Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 11.]
Hüseynqulu Sarabski “Köhnə Bakı” kitabında kohnə Bakıdan olan bu peşəyə malik bir neçə tanınmış insanın adını çəkir. Onlardan birini belə təsvir edir: “İçərişəhərlilərin su təminatı onun fədakarlığından asılı idi. Onu hamı Cümrü Ağamalı çağırardı. Həmin şəxs kiçikboylu, zirək, cəld hərəkətli, qarabuğdayı bir adamdı. Bəzən elə hallar olardı ki, Şirin ovdanın suyu kəsilərdi. Bu zaman Cümrü Ağamalı qollarını çirmələyib işə girişərdi. Fənər işığı ilə ovdanın içində bir taxça ağzı böyüklüyündə olan su yoluna girər, bir neçə saat sonra Nağı kühulundan çıxardı. Beləliklə, o, su yolunu təmizləmiş olardı. Cümrü Ağamalı öldükdən sonra heç kim onun işini bacarmadığından Şirin ovdanın su yolu tutulub bağlandı.” [Sarabski Hüseynqulu. Köhnə Bakı. Bakı-2006]